Haqqında
Bakı Avrasiya Universitetinin “Sivilizasiya” adlı elmi-nəzəri, praktik jurnalı 2012-ci ildən etibarən nəşr olunur. Belə bir nəşrin ərsəyə gəlməsində əsas məqsəd dünya sivilizasiyalarının inkişaf qanunauyğunluqları, Azərbaycanın ədəbi, fəlsəfi fikrinin bəşər mədəniyyəti ilə qarşılıqlı əlaqələri, müasir qloballaşma şəraitində etnos və xalqların milli-mənəvi, əxlaqi dəyərlərinin üzləşdiyi problemlər və digər mövzular barədə oxuculara müxtəlif tədqiqatlar işlərini təqdim etməkdir. Jurnalda Azərbaycan, rus və ingilis dillərində məqalələr dərc olunur.
Nəşrin ilk nömrəsində fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin “Biososial sintez və şumer təfəkkürünün üfüqlərində sossublimasiya”, hüquq elmləri doktoru Nazim Cəfərlinin “Miqayisəli hüququn tədrisi məsələlərinə dair”, filologiya elmləri doktoru Fəxrəddin Veysəllinin “Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə qlobal dil problemləri”, tarix elmləri namizədi Aqşin Mehdiyevin “Azərbaycan Avropa Şurası yollarında”, fəlsəfə elmləri namizədi Rövşən Hacıyevin “Ümumbəşər tarixi inkişafın müasir vektoru”, pedaqogika üzrə elmlər doktoru Nazilə Abdullazadənin “Qloballaşma və əxlaqi-mənəvi dəyərlərin qorunması” adlı məqalələri və digər yazılar dərc olunmuşdur.
“Sivilizasiya” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 06 iyul 2012-ci il (Protokol №10-R) tarixli qərarı ilə aşağıda göstərilən elm sahələri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilib: Tarix, Antropologiya və Siyasi elmlər; Fəlsəfə və Sosiologiya elmləri; Filologiya elmləri; Sənətşünaslıq sahəsi.